“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi” haqqında azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı

“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının
təsdiq edilməsi” haqqında azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar müvafiq Fərmana əsasən 1999-cu il iyun ayının 1-dən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 28 fevral 2000-ci il

№ 27

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması

QAYDALARI

Bu Qaydalar “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrası olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının vahid qaydasını müəyyən edir.

 

  1. Ümumi qaydaları

 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur.[i]

Bu Qaydalar Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, müvafiq xarici dövlətlərin fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

Bu Qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa), istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumlara, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir.

Bu Qaydalar aşağıdakı şəxslərə şamil edilmir:

hərbi qulluqçulara (müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular istisna edilməklə);

məhkəmə hakimlərinə;

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;

xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;

podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.

1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:

əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;

müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;

keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə;

işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;

istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;

işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə;[ii]

işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;

əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;

əmək vəzifələrini yerinə yetirərkən itgin düşmələr, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırım vurmalar, heyvan və həşəratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı.

1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.

İstehsalda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-tibb idarəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.

1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:

təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, dəniz istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü;

texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr.[iii]

1.5. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar cinayət işi qaldırılarsa, lakin sonradan cinayət hadisəsi və ya tərkibi sübuta yetirilmədiyi, yaxud olmadığı səbəbdən xitam verilərsə və ya məhkəmə həmin iş üzrə bəraət hökmü çıxararsa, həmin bədbəxt hadisənin təhqiqatı aparılmalıdır.

İşəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər.[iv]

1.6. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur.

1.7. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə) məlumat verilməlidir. Məlumat telefon, yaxud teleqrafla bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3).[v]

Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibbi idarələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidirlər.

1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir.

Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır.

 

  1. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması

 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.[vi]

İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.

2.1.1. Təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində baş vermiş qəza və bədbəxt hadisə faktı üzrə texniki təhqiqatın aparılması üçün xüsusi komissiya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılır.[vii]

2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı komitəsinin nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.

Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə həmkarlar ittifaqı komitəsinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.

İki-dörd işçinin ölümü və ya əlahiddə ağır nəticəli bədbəxt hadisələrin (qəzanın) təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən (rəhbər işçilərindən), üzvlər — sahə həmkarlar ittifaqı komitəsinin (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının), müəssisənin və ya onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.

Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya verilişlərindən, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir.

Bu Qaydaların 2.1 bəndində göstərilən bədbəxt hadisələr Naxçıvan MR ərazisində yerləşən müəssisələrdə baş verdikdə, Təhqiqat Komissiyası Naxçıvan MR müvafiq orqanları tərəfindən yaradılır, komissiyanın tərkibi isə bu Qaydaların 2.2 bəndinə müvafiq rəsmiləşdirilir.

Xarici dövlətlərin ərazisində fəaliyyət göstərən müəssisələrdə və yaxud dünya okeanında Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə işçilərlə baş vermiş bədbəxt hadisələrin təhqiqatı, həmin müəssisənin (gəminin) rəhbərlərinin əmri ilə tərkibi müəssisə işçilərindən ibarət yaradılmış komissiya tərəfindən təhqiq edilir. Təhqiqatın nəticəsi olaraq tərtib olunmuş akta bu Qaydaların 3.5 bəndində göstərilən sənədlər əlavə edilərək Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilir.

Bədbəxt hadisə baş vermiş sahədə əməyin təhlükəsizliyinə bilavasitə cavabdeh şəxs təhqiqat komissiyasına üzv ola bilməz.

Azərbaycan Respublikasının əmək və əməyin mühafizəsi sahəsində tərəfdar çıxdığı Beynəlxalq Sazişə (müqaviləyə) əsasən Azərbaycan Respublikası ərazisində əmək vəzifələrini yerinə yetirərkən xarici ölkə vətəndaşları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı bu Sazişdə (müqavilədə) nəzərdə tutulmuş qaydada aparılır.

2.3. İşəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir.

2.4. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır.

2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir.

2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.

Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir.

İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2).

Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir.

Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır.

Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır.

2.7. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat göndərir (əlavə 3).

2.8. İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

2.9. Müəssisə ilə hərbi birləşmə arasındakı saziş, yaxud müqavilə üzrə obyektlərində işlərə cəlb edilmiş və həmin işləri müəssisənin məsul işçilərinin rəhbərliyi ilə yerinə yetirən hərbi hissənin şəxsi heyəti ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı, iş gördürən müəssisənin və həmin hissənin komandanlığının nümayəndələrinin iştirakı ilə aparılır. Bədbəxt hadisə müəssisə tərəfindən uçota alınır.

2.10. Müəssisədə müqavilə əsasında əməyə cəlb edilmiş və işi onun məsul işçilərinin rəhbərliyi ilə yerinə yetirən, islah əmək müəssisəsində (İƏM), islah-müalicə müəssisəsində (İMM) və tərbiyə-əmək müəssisəsində (TƏM) saxlanılan şəxlərlə baş vermiş hadisələr müvafiq olaraq İƏM, İMM və TƏM nümayəndələrinin iştirakı ilə təhqiq edilir. Bədbəxt hadisə müəssisə tərəfindən uçota alınır.

İslah əmək müəssisəsinin, islah-müalicə müəssisəsinin və tərbiyə-əmək müəssisəsinin istehsalat sahələrində və yaxud təsərrüfat işlərində baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikasının aidiyyəti Nazirliyinin müəyyən etdiyi qaydada təhqiq edilir və uçota alınır.

2.11. Avtomobil nəqliyyatı müəssisəsi və başqa müəssisə tərəfindən müxtəlif təşkilatlardan cəlb etməklə təşkil edilmiş avtomobil qatarının tərkibində işlərə göndərilən avtomobil sürücüləri ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, sürücünün daimi iş yerinin nümayəndəsinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

2.12. Müəssisənin məsul işçilərinin rəhbərliyi ilə təcrübə keçən və ya iş icra edən ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı təhsil müəssisə nümayəndəsinin iştirakı ilə aparılır və ərazisində hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

Rəsmi razılıq əsasında müəssisədə təhsil müəssisələrinin məsul işçilərinin rəhbərliyi ilə təcrübə keçən və ya iş icra edən ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı müəssisənin və təhsil müəssisəsi nümayəndələrinin iştirakı ilə aparılır və təhsil müəssisəsi tərəfindən uçota alınır.[viii]

2.13. Təsdiq edilmiş İZ formalı aktın bir nüsxəsi bu Qaydaların 2.8; 2.9; 2.10; 2.11; 2.12 bəndlərində göstərilən hallarda zərərçəkənin əsas iş, xidməti və təhsil yerinə və s. göndərilir.

 

  1. Təhqiqat komissiyasının işinin təşkili

 3.1. Təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır.

Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir.

Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir.

Baş vermiş bədbəxt hadisələrin təhqiqati komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər.

Komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir.

3.2. Təhqiqat komissiyasının tələbi ilə işəgötürən aşağıdakıları təmin etməyə borcludur:

bədbəxt hadisənin təhqiqatında iştirak etmək üçün mütəxəssis-ekspertlər dəvət etmək;

texniki-hesablamalar, laboratoriya təhqiqatları, sınaqlar və başqa aidiyyəti işlərin aparılmasını təşkil etmək;

bədbəxt hadisənin baş verməsinə səbəb olmuş obyektin, bədbəxt hadisənin yerinin fotoşəklini və komissiyanın işinə lazımi digər materialları təqdim etmək;

təhqiqat üçün lazım olan nəqliyyat və rabitə vasitələrini təmin etmək;

bədbəxt hadisənin xüsusi təhqiqat materiallarının çap edilməsini, lazım olan miqdarda çoxaldılmasını təmin etmək.

3.3. Dəvət olunmuş mütəxəssislər tərəfindən texniki hesablamaların, laboratoriya təhqiqatlarının, sınaqlarının və başqa işlərin aparılması üçün xərcləri hadisənin baş vermiş olduğu müəssisə ödəyir.

3.4. Təhqiqat komissiyasının üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur bölmələrinin rəhbərlərindən, şahidlərdən və digər şəxslərdən yazılı izahatlar almaq hüququna malikdirlər.

Təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir.

Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı lə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir.

3.5. Təhqiqat aktına aşağıdakı sənədlər əlavə olunmalıdır:

hər bir zərərçəkən üçün İZ formalı aktın surəti;

hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri;

sorğu protokolları;

bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları;

ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr);

zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış;

zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy;

bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri;

qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış;

təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti;

təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti.[ix]

Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur.

3.6. Bədbəxt hadisə Dövlətdağmədəntexnəzarət Komitəsinin nəzarəti altında olan obyektdə qəza nəticəsində baş vermişsə, qəzanın başvermə səbəbləri barədə komitənin tərtib etdiyi akt Təhqiqat komissiyasına təqdim olunur.[x]

3.7. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat materialları Təhqiqat komissiyası üzvlərinin təmsil etdiyi müəssisə, təşkilat və orqanlara icra və məlumat üçün göndərilir.[xi]

 

  1. Bədbəxt hadisələr haqqında hesabat və onların başvermə səbəblərinin təhlili

 4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarnın, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir.

4.2. İşəgötürən hər ilin sonunda İZ formalı aktlara əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş formalarda istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlər haqqında hesabat tərtib edir.

4.3. İşəgötürən istehsalatda baş vermiş bədbəxt hadisənin səbəblərinin təhlili, onların sex və digər bölmələrin əmək kollektivlərində müzakirəsini, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə borcludur.

4.4. Bədbəxt hadisə baş vermiş nazirlik, baş idarə və digər müstəqil iri təşkilat strukturu və müəssisə rəhbərləri bədbəxt hadisənin nəticələrini müzakirə edir və gələcəkdə qarşısının alınması üzrə tədbirlər hazırlayır, yerinə yetirilməsini təmin edir.

4.5. İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur.

İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir.

4.6. Qrup halında və ölümlə nəticələnmiş bədbəxt hadisələr təhqiqat materiallarına əsasən yuxarı tabeçilik orqanlarında, Dövlət Əmək Müfəttişliyi Xidmətində və digər dövlət nəzarəti orqanlarında müzakirə edilməlidir.[xii]

4.7. Ağır nəticəli (iki və daha artıq işçinin həlak olması) bədbəxt hadisələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (və yaxud onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətində), Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Fövqəladə Hallar Nazirliyinin (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə baş vermişsə) nümayəndələrinin iştirakı ilə müzakirə olunur, lazım gəldikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verilir.[xiii]

4.8. Azərbaycan Respublikası üzrə bədbəxt hadisələrin uçotu müəssisələrdə, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Statistika Komitəsində aparılır.

1 nömrəli əlavə

İZ forması

“Təsdiq edirəm”

______________________________________

______________________________________

______________________________________

______________________________________

(müəssisənin adı, təsdiq edən vəzifəli şəxsin soyadı, adı, imzası, möhür)

 

İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında


AKT № _______

 

  1. Müəssisənin tabeçiliyi üzrə yuxarı orqanı __________________________________

______________________________________________________________________________

  1. Müəssisənin adı ___________________________________________________________

2.1. Müəssisənin ünvanı: ______________________________________________________

______________________________________________________________________________

(şəhər, rayon, qəsəbə, kənd, küçə, ev)

2.1.1. Bədbəxt hadisənin baş verdiyi sex, sahə, yer ________________________________

______________________________________________________________________________

  1. İşçini göndərmiş müəssisə ________________________________________________

______________________________________________________________________________

(adı, ünvanı, tabeçiliyi üzrə yuxarı təsərrüfat orqanı)

  1. Zərərçəkənin soyadı, adı, atasının adı _____________________________________

______________________________________________________________________________

  1. Cinsi (qadın, kişi) ________________________________________________________
  2. Yaşı ______________________________________________________________________

(illərin tam sayını göstərməli)

  1. Peşəsi (vəzifəsi) __________________________________________________________
  2. Bədbəxt hadisə baş verərkən yerinə yetirdiyi peşə (vəzifə) üzrə iş stajı _______

______________________________________________________________________________

  1. Axırıncı dəfə əməyin təhlükəsizliyi üzrə keçirilən təlimatın tarixi _______

______________________________________________________________________________

9.1. Giriş təlimatı _________________________________________________________

9.2. İlkin (təkrar) təlimat

9.3. Biliyin yoxlanılması _____________________________________________________

  1. Bədbəxt hadisənin başvermə tarixi və vaxtı ________________________________

______________________________________________________________________________

(gün, ay, il, saat)

______________________________________________________________________________

(işin başlanğıcından sonrakı tam saatların sayı)

  1. Bədbəxt hadisənin təfsilatı _______________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

  1. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər _______________________

______________________________________________________________________________

(onlar tərəfindən qanunvericilik və normativ hüquqi sənədələrin pozulan bəndləri göstərilməlidir)

  1. Bədbəxt hadisənin şahidləri ______________________________________________

______________________________________________________________________________

Təhqiqat aktı ____________________________________________ tərtib edilmişdir.

(gün, ay, il)

İşəgötürənin vəzifəli şəxsi _________________________________________________

(vəzifəsi, adı, soyadı, imza)

Əməyin mühafizəsi xidmətinin rəisi (onun vəzifələrini icra edən mühəndis, mütəxəssis) ___________________________________________________________________

(imza, adı, soyadı)

Müəssisənin həmkarlar ittifaqı komitəsinin nümayəndəsi ______________________

______________________________________________________________________________

(imza, adı, soyadı)

  1. Bədbəxt hadisənin nəticələri ___________________________ müddətə yüngül işə keçirilmişdir.

14.1. Başqa işə keçirilərkən əvvəlki əmək haqqına əlavə ödənişlərin məbləği _____________________________ manat təşkil edir.

14.2. Əmək qabiliyyətini itirməsi barədə xəstəlik vərəqəsi, yaxud müalicə idarəsinin arayışı üzrə ________________________ diaqnozu ilə _________________ tarixdən _________________ tarixədək işdən azad edilmişdir.

14.3. Əmək qabiliyyətini müvəqqəti itirmə müddəti ________________________________

(təqvim günlərinin sayı)

Əmək qabiliyyətini itirmə vərəqəsi üzrə _________________________ manat müavinət ödənilmişdir.

14.4. Bədbəxt hadisənin son nəticəsi ___________________________________________

______________________________________________________________________________

(zərərçəkən yüngül işə keçirilmişdir, sağalmışdır,

______________________________________________________________________________

I, II, III qrup əlillik təyin edilmişdir, sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir, ölmüşdür)[xiv]

  1. Xarab olmuş avadanlıq və alətin dəyəri ____________________________________

______________________________________________________________________________

15.1. Dağıdılmış binalar və qurğuların dəyəri _____________________________________

(manat)

15.2. Ümumi ziyan (manat) ____________________________________________________

(15, 15.1 sətrlərinin cəmi)

İşəgötürənin vəzifəli şəxsi _________________________________________________

(imza, adı, soyadı)

Baş mühasib _________________________________________________________________

(imza, adı, soyadı)

 

2 nömrəli əlavə
İstehsalatda bədbəxt hadisələrin uçot jurnalı
 

_____________________________________________________________________________

(müəssisənin adı)

 

1 2 3 4 5 6 7 8 9

 

  1. Sıra nömrələri
  2. Bədbəxt hadisənin tarixi
  3. Zərərçəkənin soyadı, adı, atasının adı, doğulduğu il, iş stajı
  4. Peşəsi (vəzifəsi)
  5. Bədbəxt hadisənin baş vermiş olduğu yer (sex, sahə, obyekt)
  6. Bədbəxt hadisənin şəraiti və səbəblərinin qısa izahı.
  7. İZ formalı aktın nömrəsi, tərtib edildiyi tarix.
  8. Bədbəxt hadisənin nəticələri.
  9. Görülmüş tədbirlər.

 

 

3 nömrəli əlavə
İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında

 

MəLUMAT

 

Müəssisənin və onun tabe olduğu yuxarı orqanın adı ____________________________

______________________________________________________________________________

Hadisənin baş verdiyi tarix, vaxt _____________________________________________

(il, ay, gün saat)

Hadisənin baş verdiyi şərait (hadisə baş verərkən yerinə yetirilən işin və ya istehsalat qəzasının təsviri) _________________________________________________

______________________________________________________________________________

Bədbəxt hadisənin nəticəsi ___________________________________________________

Bədbəxt hadisədən zərərçəkənlərin ümumi sayı __________________________________

o cümlədən həlak olanların sayı _______________________________________________

Zərərçəkənlərin (həlak olanların) soyadı, adı, atasının adı, yaşı, peşəsi, vəzifəsi _____________________________________________________________________

Məlumatı imzalayan vəzifəli şəxs ____________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı, imza, tarix, saat)

 

 

4 nömrəli əlavə

 

İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqat aktının tərtib olunmasına dair izahat

______________________________________________________________________________

(müəssisənin tabeçiliyi üzrə yuxarı orqanın adı,

______________________________________________________________________________

zərərçəkənin iş yeri, peşəsi, vəzifəsi, soyadı, atasının adı)

 

“__”_______________ il tarixdə, saat _____ baş vermiş _________________________

______________________________________________________________________________

(xəsarətin növü və ya nəticəsi)

 

nəticələnmiş bədbəxt hadisənin (bədbəxt hadisə ilə nəticələnmiş qəzanın)

 

TƏHQİQAT AKTI

______________________________________________________________________________

(təhqiqat komissiyasının yaradılması barədə əmr (sərəncam)

______________________________________________________________________________

vermiş orqanın adı, əmrin (sərəncamın) verilmə tarixi və nömrəsi)

ilə təyin edilmiş, tərkibində sədr ____________________________________________

(soyadı, adı, atasının adı, tutduğu vəzifə, iş yeri)

və üzvlər _____________________________________________________________________

(soyadları, adları, atalarının adı, tutduqları vəzifə)

______________________________________________________________________________

olan komissiya, dəvət olunmuş mütəxəssislərin ________________________________

______________________________________________________________________________

(soyadı, adı, atasının adı, tutduğu vəzifə, iş yeri)

iştirakı ilə ______il “__”______________ tarixdən ______il “__”________________ tarixədək həmin bədbəxt hadisənin təhqiqatını apardı və bu aktı tərtib etdi.

 

  1. Zərərçəkən (zərərçəkənlər)* barədə məlumat

Soyadı, adı, atasının adı, doğulduğu il, peşəsi, vəzifəsi, ümumi və peşəsi üzrə (o cümlədən həmin müəssisədə) iş stajı, təlim, təlimat keçdiyi və təhlükəsizlik texnikası üzrə biliyinin yoxlanıldığı vaxt, zərərçəkənin ailə vəziyyəti, onun öhdəsində olan ailə üzvləri** haqqında məlumat (soyadı, adı, atasının adı, doğulduğu il, zərərçəkənlə qohumluq münasibəti).

  1. Müəssisənin, sahənin, iş yerinin xarakteristikası

Bədbəxt hadisənin baş vermiş olduğu yerin qısa xarakteristikası verilməli, zərərçəkənə hansı təhlükəli və zərərli istehsal amillərinin təsir edə biləcəyi göstərilməlidir.

Əgər bədbəxt hadisə obyektdə qəza nəticəsində baş vermişsə, akta əlavə olaraq aşağıdakılar daxil edilir:

obyektin xarakteristikası (qazanxana nəzarəti obyektləri və qaldırıcı qurğular üçün — obyektin adı, tipi, onun əsas parametrləri, müəssisə nömrəsi, istehsal edən müəssisə, istehsal edildiyi və quraşdırıldığı il, axırıncı baxış və yoxlama tarixləri, eləcə də təyin edilmiş baxış müddəti);

qəzanın kateqoriyası və xarakteri haqqında məlumat;

qəzanın vurduğu ziyan (manatla), məhsul itkisi (natural ifadə ilə və manatla) haqqında məlumat.

  1. Bədbəxt hadisənin şəraiti

Bədbəxt hadisədən qabaq nə olduğu, əmək prosesinin necə getdiyi, həmin prosesə kimin rəhbərlik etmiş olduğu göstərilməli, zərərçəkənin (zərərçəkənlərin) və bədbəxt hadisə ilə əlaqədar olan digər şəxslərin hərəkətləri təsvir edilməli, hadisələr ardıcıllıqla ifadə edilməli, zədə yetirmiş olan təhlükəli (zərərli) istehsal amili, maşın, alət yaxud avadanlıq göstərilməlidir. Zərərçəkənin sərxoş vəziyyətdə olub-olmadığı qeyd edilməlidir.

  1. Bədbəxt hadisənin səbəbləri

Bədbəxt hadisənin əsas texniki və təşkilati səbəbləri göstərilməli, əməyin mühafizəsi üzrə təlimatların, işlərin təhlükəsiz aparılması üzrə təlimat və normaların hansı tələblərinin pozulması (müvafiq maddələrə, paraqraflara, bəndlərə istinad edilməli, eləcə də dövlət standartlarının pozulması konkret ifadə edilməli, hansı təhlükəli və zərərli istehsal amillərinin yol verilən normadan, yaxud səviyyədən artıq olduğu) göstərilməlidir.

  1. Bədbəxt hadisənin səbəblərinin aradan qaldırılması üzrə tədbirlər

Bu bölmədə hadisənin baş verməsinə səbəb olmuş amillərin aradan qaldırılması və gələcəkdə baş verməməsi üzrə tədbirlər göstərilir.

 

Sıra №-si Tədbirlərin adı İcra müddəti İcraçı Qeyd

 

  1. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi

Bu bölmədə bədbəxt hadisəyə (bədbəxt hadisə ilə nəticələnmiş qəzaya) gətirib çıxarmış hərəkətlərinə, yaxud fəaliyyətsizliklərinə görə cavabdeh olan şəxslərin adları çəkilməli, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə üzrə təlimatların, dövlət nəzarəti orqanlarının təsdiq etmiş olduğu digər normativ sənədlərin onlar tərəfindən hansı dərəcədə pozulması (faiz nisbətində), riayət olunmamış maddələri, paraqrafları, bəndləri göstərilməlidir.

 

Təhqiqat komissiyasının sədri ________________________________________________

(imza, tarix)

üzvləri ______________________________________________________________________

(imzalar, tarix)

* Əgər qrup halında bədbəxt hadisə təhqiq edilərsə, xüsusi təhqiqat aktının 1-ci bölməsində hər bir zərərçəkən haqqında məlumat ayrıca göstərilir.

** Ailə üzvləri haqqında məlumat yalnız ölümlə nəticələnmiş bədbəxt hadisələr üzrə göstərilir.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061)
  2. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
  3. 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
  4. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
  5. 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430)
  6. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
  7. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)
  8. 10 iyun 2013-cü il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyun 2013-cü il, № 131)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[i] 10 iyun 2013-cü il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyun 2013-cü il, № 131) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın  1.1-ci bəndinin birinci abzasında və 2.2-ci bəndinin altıncı abzasında “Azərbaycan Respublikasının bayrağı” sözləri “Azərbaycan Respublikasının Dövlət bayrağı” sözləri ilə əvəz edilmişdir.

[ii] 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin doqquzuncu abzasında “ictimai” sözü “ümumi istifadədə olan” sözləri ilə əvəz edilmişdir.

 [iii] 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinin üçüncü abzasında “və digər bu cür” sözləri “vasitələrin, psixotrop” sözləri ilə əvəz edilmişdir.

[iv] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 1.5-ci bəndin ikinci abzasında, 2.2-ci bəndin birinci, ikinci və üçüncü abzaslarında “Dövlət Əmək Müfəttişliyinin” sözləri “Dövlət Əmək Müfəttişliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

[v] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın  7-ci bəndinin birinci abzasında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti (bundan sonra – Dövlətdağmədəntexnəzarət) Komitəsinə” və mötərizədə “Komitənin nəzarəti altında olan obyektdə” sözləri müvafiq olaraq “Fövqəladə Hallar Nazirliyinə” və “təhlükə potensiallı obyektlərdə” sözləri ilə əvəz edilmişdir.

10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 1.7-ci bəndin birinci abzasında “bölgə üzrə Dövlət Əmək Müfəttişliyinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyinin mərkəzi aparatına)” sözləri “Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına)” sözləri ilə, ikinci abzasında, 2.2-ci bəndin dördüncü abzasının birinci cümləsində və altıncı abzasında, 2.7-ci bənddə, 4.5-ci bəndin ikinci abzasında “Dövlət Əmək Müfəttişliyinə” sözləri “Dövlət Əmək Müfəttişliyi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

[vi] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 2.1-ci bəndin birinci abzasında “Dövlət Əmək Müfəttişliyi rəisinin (və yaxud onun tapşırığı ilə bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin)” sözləri “Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin)” sözləri ilə əvəz edilmişdir.

[vii] 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2-ci bölməsinə 2.1.1-ci yarımbənd əlavə edilmişdir.

[viii] 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.12-ci bəndinin birinci abzasında “məktəb tələbələri, orta ixtisas təhsili, texniki peşə və ümumtəhsil məktəblərinin, liseylərinin şagirdləri ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı tədris müəssisə” sözləri “təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı təhsil müəssisə” sözləri ilə əvəz edilmişdir və ikinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi

Rəsmi razılıq əsasında müəssisədə tədris müəssisələrinin məsul işçilərinin rəhbərliyi ilə təcrübə keçən və ya iş icra edən ali məktəb tələbəsi,  orta ixtisas təhsili, texniki peşə və ümumtəhsil məktəblərinin, litseylərin şagirdləri ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı müəssisənin və  tədris müəssisəsi nümayəndələrinin iştirakı ilə aparılır və tədris müəssisəsi tərəfindən uçota alınır.

[ix] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 3.5-ci bəndinin on ikinci abzasında “Dövlətdağmədəntexnəzarət Komitəsinin” sözləri “Fövqəladə Hallar Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 [x] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 3.6-cı bəndində “Dövlətdağmədəntexnəzarət Komitəsinin” sözləri “Fövqəladə Hallar Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

[xi] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 1.8-ci bəndin ikinci abzasında, 2.2-ci bəndin dördüncü abzasının ikinci cümləsində, 3.7-ci bənddə “Dövlət Əmək Müfəttişliyi” sözləri “Dövlət Əmək Müfəttişliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

[xii] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 4.6-cı, 4.7-ci və 4.8-ci bəndlərdə “Dövlət Əmək Müfəttişliyində” sözləri “Dövlət Əmək Müfəttişliyi Xidmətində” sözləri ilə əvəz edilmişdir.

 [xiii] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 4.7-ci bəndində “Dövlətdağmədəntexnəzarət Komitəsinin” və mötərizədə “Komitənin nəzarəti altında müəssisədə və ya obyektdə” sözləri müvafiq olaraq “Fövqəladə Hallar Nazirliyinin” və “təhlükə potensiallı obyektlərdə” sözləri ilə əvəz edilmişdir.

 [xiv] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 14.4-cü bəndində “əlillik təyin edilmişdir” sözlərindən sonra “ , sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir” sözləri əlavə edilmişdir.

 

SORĞU

Saytımızı bəyənirsinizmi?

QONAQ KİTABÇAMIZ

Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.


Azərbaycan Dövlət İqtisad Universiteti

Kadrlar Şöbəsi

Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.


Systra SA

Şirkət Təsisçisi

Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.


Oracle

Şirkət Təsisçisi

Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!


Procter&Gamble

Şirkət