“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı qərarı

“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı qərarı

Qərar № 3

Bakı şəhəri, 9 yanvar 2003-cü il

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği» təsdiq edilsin (əlavə olunur).
  2. «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli, 129 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
  3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

  1. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 66) («VES Consultancy» LLC).

10 avqust 2004-cü il tarixli, 111 nömrəli; 22 fevral 2008-ci il tarixli, 50 nömrəli qərarlara əsasən əlavə və dəyişikliklərlə («VES Consultancy» LLC).

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 9 yanvar tarixli,
3 nömrəli qərarı ilə
təsdiq edilmişdir

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi
qaydaları, şərtləri və məbləği

  1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir.

İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra—istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra — təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir.

Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.

Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir.

1.2. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:

    • istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);
    • işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə.

1.3. Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

1.4. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik qrupunu, sağlamlıq imkanları məhdudluğunu və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.

  1. Zərərçəkənə dəymiş zərərə görə ödənclərin növləri və miqdarı

2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.

Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc almaq hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.

2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

2.3. Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir).

  1. Zərərə görə ödəncləri almaq hüququna malik olan şəxslər, ödənclərin ödənilmə müddətləri və hesablanması qaydası

3.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.

3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir:

    • zərər çəkmiş işçilərə — istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən;
    • işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə — mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq.

3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkən on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığın pozulmasından əvvəlki faktiki işlənilmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır.

Zərərçəkən peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

3.4. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı «Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.

Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun aylıq əmək haqqı müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır.

18 yaşına çatmamış zərərçəkənin aylıq ödəncinin miqdarı minimum əmək haqqının beş mislindən az ola bilməz.

3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.

Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.

3.6. 3.3—3.5-ci bəndlərdə göstərilən qaydada təqsirkar müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerdə aldığı əmək haqqı hesablanıb ödənilir.

3.7. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

3.8. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublikada kənd təsərrüfatı sahəsi üzrə mövcud olan orta aylıq əmək haqqından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta aylıq əmək haqqı əsasında yenidən hesablanır və bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir

3.9. İstehsalat təlimi (təcrübəsi) keçən dövrdə istehsalatda əmək xəsarəti alan zərərçəkənlərə və yaxud bu səbəbdən həlak olmuş şəxslərin zərərə görə ödənc almaq hüququna malik olan ailə üzvlərinə ödənilməli olan zərərin miqdarı onun öyrəndiyi peşə (vəzifə) üzrə faktiki orta əmək haqqı, lakin müvafiq tarif (vəzifə) maaşından aşağı olmamaqla hesablanır. Bu halda faktiki orta əmək haqqı hesablanarkən bu Qaydaların 3.5-ci bəndində göstərilən nəzərə alınan və alınmayan ödənişlər götürülür. Həmin zərərçəkənlərə istehsalat təlimi (təcrübəsi) keçən dövrdə əmək haqqının verilmədiyi hallarda ödənilməli olan zərərin miqdarı müvafiq peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından aşağı olmamaqla hesablanır.

3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.

3.12. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müfaviq olaraq həll edilir.

© VES Consultancy LLC

SORĞU

Saytımızı bəyənirsinizmi?

QONAQ KİTABÇAMIZ

Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.


Azərbaycan Dövlət İqtisad Universiteti

Kadrlar Şöbəsi

Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.


Systra SA

Şirkət Təsisçisi

Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.


Oracle

Şirkət Təsisçisi

Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!


Procter&Gamble

Şirkət