“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il 137 saylı qərarı

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI

 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

-aşağı səviyyəsində – 1,04

-orta səviyyəsində – 1,08

-yuxarı səviyyəsində – 1,12

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

-aşağı səviyyəsində – 1,16

-orta səviyyəsində – 1,20

yuxarı səviyyəsində – 1,24

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerlərinin attestasiyasının  nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikasını hazırlayıb təsdiq etsin.

  1. Nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarın 1-ci bəndində uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısını müvafiq artım əmsalları göstərilməklə təsdiq etsinlər.
  1. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilsin.

 

  1. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

-sahillə quru yol əlaqəsi olduqda – 1,4

-quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:

-0,5 km-ə qədər – 1,5

-0,5 km-dən 70 km-ə qədər 1,65

-70- km-dən artıq 1,75

  1. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.
  1. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin.
  1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının susuz ərazilərini müəyyən etsin və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə həmin ərazilərin xəritəsini hazırlasın.
  1. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırsınlar.
  1. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım əmsallarını bu qərarın 8-ci bəndində göstərilən qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla tətbiq etsinlər.
  1. Bu qərarın 3-cü, 5-ci bəndlərində göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin.
  1. “Əmək haqqının təşkilinin təkmilləşdirilməsi və xalq təsərrüfatının sənaye sahələrinin işçilərinin yeni tarif və vəzifə maaşlarının tətbiq edilməsi haqqında” Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in 1986-cı il 27 noyabr tarixli, 390 nömrəli qərarının 7-ci bəndi və 14-cü bəndinin ikinci abzası, “Azərbaycan SSR dağ yerlərində yerləşən müəssisə və təşkilat işçilərinə əmək haqqı üzrə güzəştlərin verilməsi qaydası haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 16 noyabr tarixli 526 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
  1. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Bakı şəhəri, 22 avqust 2002-ci il             Azərbaycan Respublikasının Baş naziri

№ 137                                                            A. RASİZADƏ

 

 

SORĞU

Saytımızı bəyənirsinizmi?

QONAQ KİTABÇAMIZ

Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.


Azərbaycan Dövlət İqtisad Universiteti

Kadrlar Şöbəsi

Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.


Systra SA

Şirkət Təsisçisi

Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.


Oracle

Şirkət Təsisçisi

Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!


Procter&Gamble

Şirkət